rent a car

Yeniliklər

 

Azərbaycan İnterneti və Eurovision 2012 : uğurlar və problemlər

Eurovision 2012 Mahnı Müsabiqəsi başa çatsa da onunla bağlı müzakirələr hələ davam edir. Müsabiqə keçirilən ərəfədə Azərbaycan İnternetində nə kimi proseslərin getdiyini, İnternetin necə işlədiyini öyrənmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə danışdıq. O, müsahibədə Müsabiqə keçirilən ərəfədə  Azərbaycan İnternetində  hansı saytların işləmədiyinə,  mobil İnternetin vəziyyətinə və İnformasiya təhlükəsizliyi məsələlərinə aydınlıq gətirib.

– Osman müəllim, Azərbaycan İnterneti Eurovision 2012  keçirilən müddətdə özünü necə göstərdi ? Normal fəaliyyət göstərə bildimi?

Ümumən normal hesab etmək olar. Azərbaycan İnternetinin normal fəaliyyəti təmin olundu, sosial şəbəkələr, sosial media problemsiz işlədi. Medianın və informasiya mübadiləsinin   dayanıqlı fəaliyyəti üçün bütün tədbirlər görülmüşdü. Sosial mediada Müsabiqə ilə bağlı xəbərlər bu  müddət ərzində üstünlük təşkil etdi. Azərbaycanla bağlı, Müsabiqə ilə bağlı trendlər dünya üzrə ən populyar sosial media trendləri arasında ön plana keçdi. Trafikin ötürülməsi, səsvermə zamanı beynəlxalq kanalların da işində məncə heç bir problem yaşanmadı. Burada , təşkilatçıların, RİTN  və Delta Telekom-un müsbət işini qeyd etmək yerinə düşər. Bir daha vurğulamaq qistərdim ki, ümumiyyətlə  AİF olaraq biz hesab edirik ki, Azərbaycan İnternetinin həmin ərəfədəki fəaliyyətini müsbət dəyərləndirmək olar.    Əlbəttə problemlərsiz də ötüşmədi.

– Problemlərdən danışmazdan öncə bir məsələni dəqiqləşdirmək istərdik. Səhv eləmiriksə Siz Eurovision Müsabiqəsi ilə bağlı Azərbaycan İnternetində görülməli işlərlə əlaqədar  hökumətə Təkliflər vermişdiniz.  Bu təkliflərdən istifadə edildimi?

Bəli, Azərbaycan İnternet Forumu olaraq biz geniş müzakirələr apararaq Azərbaycan İnternetinin hazırlığı ilə bağlı Təkliflər hazırlayıb Təşkilat Komitəsinə göndərmişdik. Onların bir qismi Təşkilat Komitəsi tərəfindən nəzərə alınıb və müvafiq qurumlar tərəfindən həyata keçirilib. Mobil internetin inkişafı ilə bağlı,  ictimai yerlərdə wi-fi  şəbəkəsinin yaradılması, digər informasiya təminatı yönümlü addımlar  atılıb. Amma çox qəribədir ki, AİF-in monitorinqlərinin nəticəsinə əsasən tədbir keçirilən yerdə – Crystall Hall-da  ictimai wi-fi  olmayıb. Həmçinin İTV ilə tədbirin peyklə yayımında, konkret Hotbird-lə yayımda  fasilələr yaranıb, bəzən ölkə üzrə İnternetin yüklənməsi hiss olunurdu, bəzi provayderlərdə isə hətta çox vacib olan saytların ümumiyyətlə açılmadığı hallar oldu. Həm də anlaşılmazdır ki, bu arada  Delta telekom  ölkə üzrə istifadə olunan İnternet trafikin həcminin  hər an dəyişməsinə onlayn olaraq  nəzarət etmək imkanı  verən sistemini söndürmüşdü və hələ də işləmir.

– Siz Mobil internetdən danışdınız. Ümumiyyətlə Mobil operatorların tədbir dövründəki fəaliyyətini necə dəyərləndirdiniz?

Azercell fikrimcə olduqca yaxşı hazırlaşmışdı bu tədbirə. Güman ki, xeyli qabaqlayıcı tədbirlər görülmüşdü tədbir keçirilən ərazilərdə, ümumiyyətlə sistemdə heç bir  fasilələr müşahidə olunmadı.
Eyni zamanda Mobil internetin inkişafı istiqamətində Bakcell tərəfindən məhz həmin ərəfələrdə atılan addımları da dəyərləndirmək lazımdır. Bizə bildirirdilər ki, hətta Bakcell- in data kartları defisit olubmuş həmin ərəfədə.
Amma təəssüf ki,  konkret həmin ərəfədəki fəaliyyətlə bağlı Narmobile üçün xoş sözlər deməyə elə də əsas olmadı. Hətta  bir müddət  bu operatorun sistemi  də çökdü .

– Ümumiyyətlə Sizcə bu arada  Azərbaycan İnternetində əsas diqqət çəkən problemlər hansılar oldu?

Əsas diqqət çəkən məqam ondan ibarət oldu ki, eurovision.az, ann.az, eurovision.tv və itv.az saytlarının fəaliyyətində fasilələr yarandı. Eurovision.az və eurovision.tv resursları haker hücumları ucbatından bəzən fasilələrlə işləməli oldu. Eurovision.tv kimi beynəlxalq resursun da bəzən dayanıqsız olması normal hal hesab oluna bilməz. Bununla belə Eurovision.az  saytı qısa müddətdə fəaliyyətini bərpa edə bildi. Amma bəzən yenə də çox gec açılırdı. Güman ki, sayt yüklənmələrə tab gətirmirdi. Ann.az resursu bir müddət ,  itv.az  resursu isə uzun müddət fəaliyyətini bərpa edə bilmədi. Təsəvvür edin ki, eurovision.az  saytından cəmi üç sayta link qoyulmuşdu ki, onlardan da ikisində ciddi  problemlər yaşandı.

– Burda əsas problem saytların yetərincə təhlükəsizliyinin qorunmaması ilə bağlı idi, yoxsa digər problemlər vardı?

Fikrimcə informasiya təhlükəsizliyi məsələsi və qabaqlayıcı tədbirlərin vaxtında görülməməsi idi. Qəribədir ki, əvvəlcə eurovision.az resursu yalnız Delta Telekomda yerləşirdi. Sonradan isə digər  xarici ölkələrin də serverlərində yerləşdirilməsi müşahidə olundu və normal fəaliyyəti təmin olundu. Buradan belə qənaətə gəlmək olar ki, sayta xidmət edənlər problemin bəlkə də Delta Telekom-da olmasını düşünüblər. Əlbəttə bütün bunlar dəqiq araşdırma tələb edir. Hücumların qarşısının alımamasında operativlik  həm serverin özü ilə bağlı  həm də sayta xidmət edən qurumla bağlı ola bilir. İstənilən halda bu cür beynəlxalq əhəmiyyətli bir resursda problem olubsa deməli hardasa səhvlərə yol verilib. Əgər resurs sıradan çıxarılırsa demək haker hücumlarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməyib.

– Bəs onda gələcəkdə bu tip xoşagəlməz hadisələrin baş verməməsi üçün Azərbaycan İnternetində hansı qabaqlayıcı addımlar atılmalıdır? Nə kimi profilaktiki işlər görülməlidir?

Bu tip məsələlərə ümumiyyətlə kompleks yanaşılmalıdır. Ölkənin  İnternet infrastrukturu alternativlər üzərində qurulmalı, milli kontent inkişaf etdirilməlidir. Xüsusilə informasiya təhlükəsizliyi sisteminə diqqət artırılmalıdır. Dəfələrlə bildirmişik ki, ölkədə İnformasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə sahəsində son dövrlərdə müəyyən işlər görülsə də infrastruktur, standartlar və kadrlarla bağlı ciddi problemlər var. Dövlət qurumlarının konkret səlahiyyət bölgüsü hələ də qaranlıqdır. MTN, DİN və Xüsusi Dövlət Mühafizə xidmətlərinin səlahiyyətləri, dövlət və qeyri-dövlət  milli resursların, vətəndaşların informasiya təhlükəsizliyinin qorunması üçün hüquqi baza tam dəqiqləşməlidir.   MTN-də kibercinayətkarlığa qarşı çevik reaksiya verən, qabaqlayıcı addımlar atan ciddi bir qurumun yaradılması olduqca vacibdir. Nədənsə MTN- də bu iş hələlik öz həllini tapa bilmir. Kibercinayətkarlıqla bağlı Konvensiyaya qoşulandan sonra heç bir  qanunda dəyişikliklər edilməyib hələ. Qəribədir ki, ümumiyyətlə bu proses xeyli qapalı aparılır. Son iki-üç ayda mən İnformasiya təhlükəsizliyi ilə bağlı ATƏT-in dəstəyi ilə  bizim hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə bir neçə beynəlxalq tədbirlərdə iştirak etmişəm. Bu tədbirlərdə biz bir daha müşahidə etdik ki, Azərbaycan İnformasiya təhlükəsizliyi sahəsində heç də xoşagələn vəziyyətdə deyil.  Dünyada artıq bu sahədə oturuşmuş təcrübə var və ondan tezliklə yararlanmaq lazımdır.

 

Leave a Reply

*Name

e-Mail * (will not be published)

Website